Humanitar Əməkdaşlıq Yox, Siyasi Şantaj| Ermənistan itkinlərin taleyindən ticarət aləti kimi istifadə edir

2025/06/1749115095.jpg
Oxunub: 903     20:37     05 İyun 2025    
44 günlük Vətən müharibəsinin başa çatmasından illər keçsə də, Ermənistan tərəfi hələ də Azərbaycanın yüzlərlə itkin düşmüş hərbçisinin və mülki şəxslərinin taleyinə dair heç bir real və səmimi əməkdaşlıq nümayiş etdirməyib. Azərbaycan və Ermənistan nümayəndələrinin itkin düşənlər üzrə komissiyalar səviyyəsində görüş keçirməsi barədə yayılmış son məlumat isə, əslində, Ermənistanın manipulyativ siyasi davranışını ört-basdır etmək üçün növbəti formal addım təsiri bağışlayır. Çünki Ermənistan gerçək nəticələr ortaya qoymadan, sadəcə görüntü yaratmaqla, beynəlxalq ictimaiyyətin gözündə “hüquqa və humanitar prinsiplərə sadiq” imici formalaşdırmağa çalışır.

Reallıq isə ondan ibarətdir ki, Ermənistan hələ də 1990-cı illərdən və 2020-ci ilin müharibəsindən sonra itkin düşmüş yüzlərlə azərbaycanlının taleyinə dair informasiya təqdim etməkdən yayınır. Qarabağda müharibə bitdikdən sonra tapılmış kütləvi məzarlıqlar, hərbi əsirlərin işgəncələrə məruz qalması və basdırılmış mina xəritələrinin uzun müddət gizlədilməsi bir daha sübut edir ki, Ermənistan tərəfi humanitar məsələləri siyasi şantaj və ticarət predmetinə çevirib. Yalnız mina xəritələrinin verilməsi müqabilində Azərbaycandan humanitar güzəştlər tələb edən Ermənistan itkin düşənlərin taleyinə dair məlumat verməklə bağlı isə sistematik şəkildə qeyri-səmimi mövqe tutur.

Əgər Ermənistan həqiqətən də humanitar əməkdaşlıqda maraqlı olsaydı, 44 günlük müharibədən sonra ötən illər ərzində azı bir neçə konkret nəticə ortada olardı. Lakin görünən odur ki, İrəvan bu məsələyə siyasi təzyiq və manipulyasiya vasitəsi kimi yanaşır. Bu isə göstərir ki, Ermənistan üçün humanitar məsələlər – o cümlədən, itkinlərin taleyi – heç vaxt önəmli olmayıb, əksinə, bu kartlardan yalnız beynəlxalq təmaslarda siyasi dividendlər qazanmaq üçün istifadə edilib.

Azərbaycan isə, əksinə, müharibədən sonra Ermənistanın itkin hesab etdiyi şəxslərlə bağlı məsələlərdə hər zaman BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq qurumlarla əməkdaşlığa açıq olduğunu nümayiş etdirib. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra bölgəyə daxil olmuş hər hansı erməni hərbçilərinin “hərbi əsir” statusu daşımadığını, çünki onların döyüş əməliyyatları bitdikdən sonra diversiya məqsədilə Azərbaycana sızdığını faktlarla sübuta yetirib. Buna baxmayaraq, Azərbaycan yenə də beynəlxalq hüquqa və humanitar normalara uyğun davranmağa üstünlük verib.

Ermənistan tərəfi isə nəinki humanitar əməkdaşlığa ciddi yanaşmır, hətta bu sahədəki təşəbbüsləri də öz ictimaiyyətinə qarşı “təslimçilik” kimi təqdim etməkdən çəkinmir. Çünki İrəvan illərdir cəmiyyəti daxilində türklərə qarşı nifrət üzərində qurulmuş ideoloji mühit formalaşdırıb. Bu mühitdə hər hansı sülh jesti və ya əməkdaşlıq addımı erməni hakimiyyətləri tərəfindən “zəiflik”, “xəyanət” və ya “uğursuzluq” kimi şərh olunur. Bu səbəbdən Ermənistan rəhbərliyi ictimai rəydən qorxaraq hətta humanitar məsələlərdə də gerçək irəliləyişə mane olur.

Əgər bu gün ortada nəticə yoxdursa, bu, ilk növbədə Ermənistanın qeyri-səmimi, qeyri-konstruktiv və siyasi spekulyasiyaya əsaslanan yanaşmasının nəticəsidir. Azərbaycanın bu məsələdə mövqeyi isə aydındır: humanitar əməkdaşlıq siyasi manipulyasiya predmeti olmamalıdır və hər bir itkin şəxsin taleyi humanizm və beynəlxalq hüquq baxımından aydınlaşdırılmalıdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   İtkinlər  


Bizi "telegram"da izləyin